İsmayıllıda “Valideynlik hüquqlarından məhrumetmənin əsasları” və “Məişət zorakılığının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı rayon prokurorluğunun təşkilatçılığı ilə İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbdə uşaqların hüquqlarının müdafiəsi, onların sağlam və təhlükəsiz ailə mühitində böyüməsinin təmin edilməsi məqsədilə “Valideynlik hüquqlarından məhrumetmənin əsasları” və “Məişət zorakılığının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı rayon prokurorunun köməkçisi İlkanə Cabbarlı, İsmayıllı rayon polis şöbəsinin əməkdaşı Zaman Məmmədov tərəfindən iştirakçılara valideynlik hüquqlarından məhrumetməyə səbəb olan halların hüquqi əsasları, uşaqların mənafeyinin qorunması, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyət prinsipləri, həmçinin məişət zorakılığının yaratdığı sosial və hüquqi nəticələr barədə ətraflı məlumat verilib.
Görüş zamanı məişət zorakılığının qarşısının alınmasında ailənin, məktəbin və cəmiyyətin rolu vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı hüquqi maarifləndirmə aparılıb.
Tədbirin keçirilməsində əsas məqsəd ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi və cəmiyyətdə hüquqi biliklərin artırılmasına töhfə vermək olub.






