Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda yağıntıların yaratdığı fəsadların aradan qaldırılması və infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir

10 oktyabr 2026 | 09:24

Son günlər yağan intensiv yağışların təsiri ilə rayonun bir sıra yaşayış məntəqələrində yaranmış problemlərin aradan qaldırılması, yolların bərpası və çay yataqlarının təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.

İsmayıllı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən Talıstan kəndi ərazisindən keçən Talıstan çayının yatağında təmizlənmə və genişləndirmə işləri aparılır.

Lahıc, Yuxarı Cülyan və Müdrü kəndlərinin daxili yollarında güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün təmir işləri həyata keçirilir. Sərdahar kəndinə gedən yol isə 9 saylı İsmayıllı Yol İstismar İdarəsinin texnikaları vasitəsilə təmir olunub.

Güclü yağışlar nəticəsində Girdiman çayında suyun səviyyəsinin yüksəlməsi Çandahar kəndinə gedən avtomobil yolunun çay yatağından keçən hissəsinin yuyulmasına və gediş-gəlişin dayanmasına səbəb olmuşdu. Vətəndaşların müraciətlərindən sonra 9 saylı İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi əraziyə cəlb edilib, yaranmış problem aradan qaldırılıb. Hazırda yol yenidən işlək vəziyyətdədir.

Eyni zamanda, Qubaxəlilli kəndində məişət tullantılarının daha səliqəli idarə olunması məqsədilə tullantıların toplanması üçün xüsusi quyular qazılıb.

Rayon ərazisində yolların vəziyyətinin yaxşılaşdırılması, yağışların yaratdığı fəsadların aradan qaldırılması və yaşayış məntəqələrində infrastrukturun qorunması istiqamətində tədbirlər davam etdirilir.

Görülən hər bir işin əsas məqsədi sakinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək, kəndlərimizin gündəlik həyatını asanlaşdırmaqdır.

Keçidlər