Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş konfrans keçirilib

11 noyabr 2022 | 10:00

İsmayıllı rayon Mədəniyyət Mərkəzində  keçirilən konfransda RİH başçısı Nahid Bağırov, YAP İdarə Heyətinin üzvü Mixail Zabelina, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, RİH-nin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.

Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarların Azərbaycanın uğurlu inkişafının təmin olunmasında böyük rolu olub. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vurğulayıb ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Qeyd edib ki, partiyanın quruculuq prinsipləri əsasında həyata keçirilən tədbirlər nəticəsində İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində geniş quruculuq-abadlıq işləri aparılıb, yeni yollar salınıb, sakinlərin rahat yaşaması üçün zəruri infrastruktur qurulub, bütün idarə, müəssisə və təşkilatlar üçün müasir iş şəraiti yaradılıb.

YAP İdarə Heyətinin üzvü, Millət vəkili Mixail Zabelin çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb.                                                                                                                                        

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq, xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib: “Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 30 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib.”         

Çıxışlarda Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının genişliyindən, YAP-ın ölkəmizin tarixində mühüm rolundan bəhs edilib. Bildirilib ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan geniş bərpa-quruculuq işlərində hər bir partiya üzvünü yaxından iştirak etməlidir. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə Fəxri fərmanlar, partiyanın üzvlük vəsiqələri və bir qrup Vətən müharibəsi iştirakçısına “Vətən Müharibəsi iştirakçısı” medalı təqdim olunub.

Keçidlər