İsmayıllıda “Zəfər zirvəsi” adlı tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Rayon Təhsil Sektorunun təşəbbüsü, İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və birgə əməkdaşlığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər zirvəsi” adlı tədbir keçirilib.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin akt zalında keçirilən tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri, UGİM-in dərnək üzvləri, müəllimlər və qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün xalqımızın şanlı tarixindəki müstəsna əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs ediblər. Natiqlər Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixi qələbənin xalqımızın birliyinin, həmrəyliyinin və Vətən sevgisinin təntənəsi olduğunu vurğulayıblar. Həmçinin şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığının gələcək nəsillərə örnək kimi aşılanmasının vacibliyini qeyd ediblər.
Tədbirin bədii hissəsində məktəblilərin və UGİM-in dərnək üzvlərinin ifasında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığını, Vətənə məhəbbəti və Zəfər sevincini əks etdirən səhnəcik nümayiş olunub. İştirakçılar vətənpərvərlik ruhunda rəqs və mahnı nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.
Tədbirin sonunda ETİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən 44 günlük Vətən müharibəsində iştirak etmiş hərbi rəhbərlər Fəxri Fərmanlarla təltif olunublar.






