İsmayıllıda Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Bu gün İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində RİH-nin təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə RİH başçısı Nahid Bağırov, RİH-nin əməkdaşları, idarə, müəsissə, təşkilat rəhbərləri, səhiyyə işçiləri, şəhid ailələri və gənclər iştirak edib.
Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov öz çıxışında diqqətə çatdırıb ki, görkəmli oftalmoloq Zərifə Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmlənib.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimov çıxış edərək oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. Onu tanınmış oftalmoloq, mərhəmətli həkim, göz xəstəliklərinin müalicəsi üzrə görkəmli mütəxəssis, böyük ziyalı, dəyanətli ömür-gün yoldaşı, ləyaqətli xanım, ölkə üçün nümunəvi ana kimi xarakterzə edib. Qeyd edib ki, elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. Bu ailədə torpağına, Vətəninə bağlı iki övlad yetişib: “Zərifə xanımın ömür yollarında birgə addımladığı həyat yoldaşı, müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev, Ümummilli Liderin məktəbindən bəhrələnən Prezident İlham Əliyev.”
Çıxışlarda qeyd olunub ki, alimin bu gün də elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir. Görkəmli alim, ən ülvi, nəcib dəyərləri özündə yaşadan Zərifə xanım Əliyevanın işıqlı xatirəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıqla yad ediləcəyini söyləyiblər.
Tədbirdə uzun illər İsmayıllıda səhiyyə sahəsində çalışmış Narxanım Əkbərovaya RİH başçısının “təşəkkürnamə”si təqdim olunub. Sonda Zərifə xanım Əliyeva həsr olunmuş musiqi və şeir səsləndirilib.