İsmayıllıda “Rəbb Azərbaycanı sevir” adlı tədbir keçirilib
İsmayıllı rayonu İvanovka kəndi Mədəniyyət Sarayında baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının sədri Sergey Kazakov, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sədri Rasim Xəlilov, “Vineyard Azərbaycan” xristian dini icmasının sədri Emil Pənahov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumunun mətbuat katibi Toral Ağayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mixail Klinov, Bakı Krişna Şüuru dini icmasının sədri Mahir Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, dini icmaların nümayəndələri, eləcə də İvanovka kəndinin sakinləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Eyyub Musayev rayondakı dini durum barədə məlumat verərək burada mövcud olan tolerant və multikultural mühitdən danışıb.
DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, ölkəmizdə multikulturalizm nəinki siyasi xətt kimi, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır. Bu gün Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir. Davamlı olaraq bu səpgidə təşkil olunan səfərlər, tədbirlər deyilənləri bir daha təsdiqləyir. S.Heydərov vurğulayıb ki, cəmiyyətimizin belə möhkəm dayaqlar üzərində dayanması da onun gələcək inkişafının sürətli və dinamik olacağından xəbər verir. Fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsini həyat tərzi kimi qəbul etmək bəşəriyyətin nicat yoludur. Multikulturalizmin Azərbaycan modeli də sübut edir ki, müxtəlif millətlərin və konfessiyaların təmsilçiləri öz identikliklərini qorumaqla və digərinə hörmətlə yanaşmaqla inkişaf etdirmək iqtidarındadırlar.
Dini konfessiyaların nümayəndələri çıxışlarında ölkəmizdə müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğulayıblar. Eyni zamanda, digər konfessiyaların nümayəndələri kimi, onlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluqlarını dilə gətiriblər.
Tədbirin bədii hissəsi isə maraqlı anlarla yadda qalıb. Molokanların Azərbaycan bayrağına və musiqisinə dərin sevgisinin nümayiş etdirildiyi musiqi nömrələri xüsusi maraqla qarşılanıb. Bununla da ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların biri-birinə olan xoş münasibəti, dəstəyi əyani şəkildə bir daha nümayiş etdirilmiş oldu.