Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “İntihar hallarının psixoloji aspektləri” mövzusu müzakirə edilib

22 sentyabr 2023 | 17:00

Son zamanlar respublika ərazisində intihar hallarının sayının artmasını nəzərə alaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İsmayıllı RİH başçısının İƏD üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, YAP İsmayıllı rayon təşkilatının, Rayon Polis Şöbəsinin, din xadimlərinin, səhiyyə, təhsil işçilərinin, Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə “İntihar hallarının psixoloji aspektləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova çıxış edərək intihar hallarının başvermə səbəblərinin əsasən psixoloji, sosioloji problemlərdən qaynaqlandığını bildirib. Ailə-məişət zəmnində baş verən zorakılıq hadisələri, münaqişələr, xüsusilə ailə daxilində qadınlara və azyaşlılara göstərilən təzyiqlərin də intihar hallarına gətirib çıxardığını qeyd edərək bu istiqamətdə maarifləndirmə işinin aparılmasının çox vacib məsələlərdən biri olduğunu vurğulayıb.

Çıxış edənlər intihar hallarına gətirib çıxaran səbəblərdən biri kimi internetdən və sosial şəbəkələrdən istifadə hallarının artması ilə əlaqələndiriblər. Belə ki, günün çox hissəsinin müasir texnologiyalardan istifadə etməklə keçirilməsi, bir sıra əhəmiyyətsiz və arzuedilməz informasiyaların toplanması insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bununla da insanlar tədricən başqa səmərəli fəaliyyətlərlə məşğul olmaqdan uzaqlaşır və təəssüflər olsun ki, bu kimi hallar intiharla nəticələnir.

İsmayıllıda intihar hallarının qarşısını almaq məqsədilə rayonda problemli ailələri nəzarətdə saxlamaq, onlarla mütəmadi olaraq söhbətlər aparmağın zəruriliyi qeyd olunub. Həmçinin bildirilib ki, aidiyyəti qrumlar bu istiqamətdə kordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

Keçidlər