İsmayıllı rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
Vətən müharibəsinin III ildönümü ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon İcra Hakimiyyəti başçısının müavinləri ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş İsmayıllı rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.
Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiram göstərilib, dövlətimizin onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Rayon rəhbəri qeyd edib ki, şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsası başlıca vəzifəmizdir. Eyni zamanda Vətən Müharibəsində sağlamlığını itirmiş qazilərimiz də hər zaman diqqətimizdə olacaqdır.
Şəhid ailələri şəhidlərə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.