İsmayıllıda “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənısidir” mövzusunda tədbir keçirilib.
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" mövzusunda tədbir təşkil olunub. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Sevil Əhmədova bildirib ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparıb. O qeyd edib ki, bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəri, Vətən Müharibəsində qazanılan müqəddəs Qələbə tarixi fəaliyyətinin bəhrəsidir. Sonra Fəlsəfə doktoru, Lahıc qəsəbə tam orta məktəbinin direktoru Dadaş Əliyev, Şəhər 7 nömrəli tam orta məktəbin direktoru, elmlər namizədi Etibar Abdulov və gənc müəllim Ülvi Osmanlı “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda çıxışlar ediblər.
Digər çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Daha sonra məktəblilərin ifasında Zəfər kompozisiyası təqdim edilib. Tədbirdən xatirə şəkilləri çəkilib.