İsmayıllıda “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib
Bu gün Mədəniyyət Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Nahid Bağırov “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda məruzə edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz qəhrəmanlıq dastanı yazıb.
Qeyd edib ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağının dalğalanması bizim tarixi qələbəmizdir. Əldə olunan uğurlar böyük səylərin, qətiyyətin, ən əsası, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində qurulan möhkəm təmələ əsaslanır. 2020-ci il noyabrın 8-i Azərbaycanın tarixinə Zəfər Günü olaraq yazıldı. Bu sevincimiz, qürurumuz keçilən yolun, Heydər Əliyev siyasətinin təntənəsidir.
Çıxış edənlər Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Qeyd ediblər ki, Azərbaycanın tarixi Zəfəri təkcə erməni faşizmi üzərində qələbə deyil. Bu, haqqın, tarixi ədalətin, ayaqlar altına atılan beynəlxalq hüququn bərpasıdır.
Tədbir İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət mərkəzinin “Niyal” instrumental ansamblının hazırladığı bayram konserti ilə davam edib.