İsmayıllıda “Hüququ dövlət quruculuğunda Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndərdən bəhs edən filmə baxılıb.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova tədbir iştirakçılarını YAP-ın yaradılmasının 31 illiyi münasibətilə təbrik edib, böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğunu bir daha diqqətə çatdırıb. Həmçinin ölkəmizdə hüquq siyasətinin və qanunvericilik bazasının yaradılmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirib.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edib.
Tədbirdə İsmayıllı Rayon Prokrorunun köməkçisi, 3-cü dərəcəli hüquqşunas Raya Qəfərovanın və Rayon Polis Şöbəsinin rəis köməkçisi, mayor Nicat Şəmdinlinin mövzu ilə bağlı məruzələri dinlənilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətləri və demokratik hüquqi dövlət quruculuğunda dövlətçilik strategiyasının prioritet istiqamətləri barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Qeyd olunub ki, həyata keçirilən səmərəli hüquqi islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda tədbir iştirakçılarının fikir və təklifləri dinlənilib.