İsmayıllıda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib
Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri Elnur Mehdiyev, eləcə də şöbənin əməkdaşları, İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı rayon polis şöbəsinin əməkdaşı Şahin Süleymanlı, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, eyni zamanda rayonda fəaliyyət göstərən müvafiq qurumların əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı bu qəbildən olan tədbirlərin əhəmiyyəti vurğulanaraq, dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib.
Eyni zamanda məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq mövcud toplumu parçalamağı rəhbər tutan və xarici dini mərkəzlərə bağlı olan qeyri-ənənəvi dini cərəyanlar, radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınmasından, radikal dini təsirlər və yad dini ideologiyalardan qorunmanın üsullarından, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən, o cümlədən radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətindən bəhs edilib.
Bildirilib ki, bu sahədə təhsil müəssisələri, gənclər təşkilatları, dini icmaları, bir sözlə cəmiyyətin hər bir fərdi aktiv fəaliyyət göstərməlidir. Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.