İsmayıllıda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib
Aprelin 27-28-də Yeni Azərbaycan Partiyasının təşəbbüsü və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib.
Aksiya iştirakçıları İsmayıllı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb, abidələri önünə qızılgüllər düzülüb.
Daha sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən kardioloji, nevroloji və endokrinoloji müayinələr keçirilib. Həmçinin müasir rəngli Doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinələri də aparılıb.
"Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!" şüarı altında keçirilən və iki gün davam edən aksiya zamanı ümumilikdə 200-dən artıq şəhid ailəsi üzvləri və qazilər müayinə olunub və onlara müxtəlif müalicələr təyin olunub.