Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə İsmayıllı rayon açıq birinciliyi keçirilib

19 iyul 2022 | 09:17

18 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin  birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq İsmayıllı Olimpiya İdman Kompleksində  cüdo idman növü üzrə Vətən Müharibəsi şəhidləri Orxan Lətifli və Tural Şıxızadənin xatirələrinə həsr olunmuş 2007-2009-cu il  təvəllüdlü oğlanlar arasında İsmayıllı rayon açıq birinciliyi keçirilib.

Yarışın keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını idmançılar arasında təbliğ etmək, yeniyetmə və gənc idmançıların vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, cüdo idman növünün inkişafı və kütləviliyinin təbliği və təşviqi olub.

İsmayıllı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı və Ucar rayon komandalarının iştirak etdiyi açıq rayon birinciliyində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə, RİH-nin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid valideynləri iştirak edib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra yarışa start verilib.

176 yeniyetmə və gənc idmançının iştirak etdiyi, gərgin və yüksək iradə nümayişi ilə keçən yarışın yekununda qaliblər təşkilatçılar tərəfindən medal və diplomlarla mükafatlandırılıb.

Məlumat üçün qeyd edək ki, mükafatların sayına görə komanda hesabında birinci yeri İsmayıllı, ikinci yeri Qobustan və üçüncü yeri isə Şamaxı komandası tutub.

Keçidlər