İsmayıllıda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şahmat turniri keçirilib
Avqustun 12-də İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının, İsmayıllı Rayon İcra Hakimiyyətinin, GİKM-in İsmayıllı nümayəndəliyinin təşkilatçılığı, UNICEF-in dəstəyi ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan qızlar və qadınlar arasında şahmat turniri keçirilib. Şahmat turnirində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarından 160-dək şahmatçı mübarizə aparıb.
İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən turnirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Beynəlxalq qrosmeyster Aynur Sofiyeva, UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini William Abi Abdullah, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, Beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaradan, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub.
Qeyd olunub ki, görkəmli şairin 190 illiyinə həsr olunan turnirin məqsədi, həm dahi şairin xatirəsinə olan dərin ehtiram, həm də qızlar arasında intellektual oyuna marağın təşviqi, asudə vaxtın səmərəli təşkil edilməsi, onlarda analitik düşünmə qabiliyyətinin formalaşdırılması məqsədini daşıyır.
Sonra yarışlara start verilib. İsveçrə sistemi ilə bütün yaş qrupu üzrə yeddi turdan ibarət turnir gərgin və maraqlı keçib. Yeddi nominasiya üzrə mükafatlandırma olub. Qaliblərə kubok və diplomlar təqdim edilib, şahmat mükafatı verilib. Komanda hesabında İsmayıllı şahmatçıları I, Şamaxı şahmatçıları II və Qəbələ şahmatçıları III yerləri qazanıblar.
Sonda qalib şahmatçılara Azərbaycanın beynəlxalq qrosmeysterləri Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova ustad dərsləri keçiblər.
Qalib olan bütün şahmatçıları təbrik edirik.