İsmayıllıda respublika toxum sərgi-satış yarmarkası keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllıda toxum sərgi-satış yarmarkası təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mahmud Süleymanov bildirirb ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Hər il fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.
Mahmud Süleymanov bildirib ki, bu il Nikitin adına İvanovka kolxozundan yüksək məhsuldarlıq əldə olunub. Kolxozda 2022-ci ilin məhsulu üçün 2021-ci ilin payızında 4215 hektar sahədə taxıl əkilib və hər hektardan məsuldarlıq 50.5 sentner təşkil. Bu isə kolxoz yarandığı gündən bəri əldə olunmuş ən yüksək göstəricidir.
Çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev diqqətə çatdırıb ki, bu gün İsmayıllıda təşkil edilən sayca 2-ci yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada İsmayıllıdan olan fermerlərlə yanaşı digər rayonlardan olan fermer və toxumçular da təmsil olunur. Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.