İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda Aqrar Biznes Festivalı keçirilib.
Festivalda Ağsu, İsmayıllı, Qobustan, Qəbələ, Ağdaş, Göyçay, Şamaxı rayonlarından fermerlər iştirak ediblər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələri təmsil olunub.
Festival zamanı fermerlər müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları, müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.
Festival çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişikliyinin rolu və COP29 çərçivəsində həyata keçiriləcək tədbirlər”ə dair təqdimat keçirilib.
Tədbir çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan Kənd Qadınları Assosiasiyasının qadın üzvləri öz məhsullarının nümayişini və satışını həyata keçirib.
Özəl şirkət tərəfindən arıçı fermerlərə “Bal arılarının varroa gənələrindən dərmansız təmizlənməsi və ekoloji təmiz bal istehsalı strategiyası” mövzusunda təlim keçirilib. Təlim zamanı arıların varroa gənələrindən təmizlənməsi prosesi fermerlərə əyani olaraq göstərilib.