İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb
İsmayıllı Rayon İcra Hakimiyyətinin və YAP İsmayıllı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə və filmə baxış keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, milli maraqlarımıza uyğun olaraq tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlandığı qeyd olunub. Ümummilli Liderin 20-ci əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən olduğu və illər keçsə də, onun ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərin heç zaman unudulmayacağı bildirilib. Qeyd olunub ki, Ümummilli Liderin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş şeir və rəsm müsabiqələrinin qaliblərinin əl işlərinə baxılıb şeirləri dinlənilib. Tədbirdə Ulu Öndərə həsr edilmiş kompozisiya nümayiş etdirilib.
Sonda RİH başçısı Nahid Bağırov YAP-nın yeni üzvlərinə partiyanın üzvlük vəsiqələri təqdim edib.