İsmayıllıda sahibsiz heyvanlar üçün nəzərdə tutulmuş sığınacağın tikintisi başa çatıb
Son zamanlar İsmayıllı şəhərində sahibsiz heyvanların sayının çoxalması bu istiqamətdə müvafiq addımların atılmasını zəruri edirdi. Belə heyvanların sayının artımı və onlara lazımı qayğının göstərilməməsi, xüsusilə sahibsiz itlərin vaxtında peyvəndlənməməsi ərazidə bir çox ekoloji və sanitar problemlərin yaranmasına səbəb olur. Bu problemlərin öhdəsindən gəlmək və sahibsiz heyvanlara qayğı göstərmək üçün baytar qayğısı, xüsusi sığınacaqların yaradılması vacib idi.
Problemin həlli məqsədilə rayon rəhbərinin təşəbbüsü ilə rayonun Quşencə kəndinin yaxınlığında sığınacağın inşası üçün torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdı. Bu gün artıq sığınacaq istifadəyə verildi.
Bakıdan dəvət olunmuş “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin mütəxəssisləri heyvanların mərkəzə gətirilməsi, müayinə və peyvənd olunması prosesini əyani şəkildə göstəriblər.
Məlumat üçün bildirək ki, sığınacağa gətirilmiş heyvanlar mütəxəssislər tərəfindən müayinə edilərək peyvənd olunacaq. Sahibsiz heyvanlar tam təhlükəsiz hesab edildikdən sonra həmin heyvanların qulaqlarına xüsusi birkalar vurularaq yenidən yaşadıqları əraziyə buraxılacaqlar.
Artıq sığınacaqda ilk əməliyyat da icra olunub. Mütəxəssislər tərəfindən Qara adlı itin üzərində əməliyyat aparılaraq qısırlaşdırılıb.
Bu gün belə layihələrin reallaşdırılması ölkəmizdə sahibsiz küçə heyvanlarına qarşı humanist yanaşmanın göstəricisidir. Bu layihələrdə cəmiyyətin də yaxından iştirakı olduqca vacibdir. Hamılıqla heyvanların əziyyətsiz yaşamaları naminə çalışmalıyıq. Çünki onlar da duyğu və hərəkət qabiliyyəti olan canlılardır.