Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib

02 noyabr 2022 | 17:33

Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.

Tədbirdə RİH başçısı Nahid Bağırov, SHXÇDX-nin İsmayıllı rayon Şöbəsinin rəisi Əfran Nəbiyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan rayon rəhbəri Nahid Bağırov tədbir iştirakçılarını Tarixi Zəfər münasibətilə təbrik edib. RİH başçısı qeyd edib ki, xalqımızın Ali Baş Komandan İlham Əliyevə və  müzəffər ordumuza inamı, dəstəyi, həmçinin xalqımızın nümayiş etdirdiyi milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil edir. O, həmçinin vurğulayıb ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Tədbirdə iştirak edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlıq ifadə ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsinin rəisi Əfran Nəbiyev bir qurup Vətən müharibəsi iştirakçısının Prezident İlham Əliyevinin Sərəncamı ilə təltif olunduğunu bildirərək, şəhid ailələrinin iştirakı ilə “Vətən müharibəsi iştirakçısı” medallarını sahiblərinə təqdim edib.

Keçidlər