İsmayıllıda ümumrespublika təmizlik aksiyası keçirilib
25 may 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumağallı kəndinin yaxınlığında yerləşən Qalınçaq meşəbəyliyinin 19 saylı dolayında ümumrespublika təmizlik aksiyası keçirilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Şahdağ Milli Parkının, Şirvan Regional Hidrometeorologiya Müəssisəsinin və Sumağallı Bələdiyyəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib. Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə Poliqona daşınıb.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.