İsmayıllıda “Elə bir ömür yaşayacam ki...” filminin təqdimatı keçirilib
İsmayıllıda Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin xatirəsinə həsr edilən “Elə bir ömür yaşayacam ki...” filminin təqdimatı keçirilib. Təqdimat mərasimində RİH başçısı Nahid Bağırov, Millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, idarə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhidin təhsil aldığı universitetin şəhid ailələri və müharibə iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri iştirak edib.
Tədbir iştirakçıları şəhid Cəmil Məmmədlinin həyat və döyüş yolunu əks etdirən sərgiyə baxış keçiriblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd ediblər ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çəkilmiş bu cür sənədli filimlər gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir.
Şəhidin anası Aygün Məmmədova filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Daha sonra GÜNTV Media Qrupun rəhbəri Mehriban Sadıqovanın ssenarisi əsasında çəkilmiş “Elə bir ömür yaşayacam ki...” filmi nümayiş olunub.
Filimdə Cəmil Məmmədlinin həyatı və şərəfli döyüş yolu barədə yaxınları, müəllimləri, döyüş yoldaşları, dostlarının xatirələri yer alıb.