İsmayıllıda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edilib
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Bu münasibətlə RİH başçısı Nahid Bağırov, rabitə və telekommunikasiya qovşağının işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb dərin ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ölkəmizdə rabitə sahəsinin məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayon rəhbəri İsmayıllıda da rabitə sahəsində yeni işlər görüldüyünü, rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirildiyini diqqətə çatdırıb.
“Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional filialının İsmayıllı şöbəsinin müdiri Asif Abbasov çıxış edərək, İsmayıllıda rabitə sahəsində görülən işlər barədə məlumat verib, rayon rəhbəri Nahid Bağırova İsmayıllı rayonunda rabitə sahəsinin inkişafına və rabitə işçilərinə göstərdiyi diqqət və qayğıya görə filial müdiri Rövşən Məmmədovun və kollektiv adından təşəkkürnamə təqdim edib.
Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edir, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!