İsmayıllıda Möhtəşəm Novruz Bayramı qeyd olundu!
İsmayıllı təkcə füsunkar təbiəti ilə deyil, həm də zəngin tarixi, milli adət-ənənələri və mədəni irsi ilə seçilən bölgələrimizdəndir. Qədim sənətkarlıq ənənələri, milli mətbəx nümunələri və folklor dəyərləri bu torpaqda nəsildən-nəslə ötürülərək yaşadılır. Novruz bayramı isə bu zəngin irsin ən parlaq şəkildə nümayiş olunduğu ənənəvi el şənliklərindən biridir.
İsmayıllıda keçirilən Novruz tədbiri yüksək səviyyədə təşkil olunaraq əsl bayram ab-havası yaratdı. Tədbirdə rayon üzrə fəaliyyət göstərən 30-a yaxın restoran və turizm obyekti, həmçinin məktəblər, İƏD üzrə nümayəndəliklər, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar fəal iştirak edərək bayram guşələri hazırladılar.
Sərgilərdə milli sənətkarlıq nümunələri, ev sənətkarlarının əl işləri, qədim mətbəximizə aid təamlar nümayiş olundu, folklor kollektivlərinin çıxışları, xanəndələrin və müğənnilərin ifaları tədbirə xüsusi rəng qatdı. Bayram tonqalı ətrafında toplaşan insanlar Novruzun birlik, bərəkət və yenilənmə rəmzi olduğunu bir daha nümayiş etdirdilər.
İsmayıllının zəngin tarixə və mədəniyyətə sahib olması burada keçirilən Novruz şənliklərini hər il daha da möhtəşəm və yaddaqalan edir.
Qoy Novruz bayramı hər bir ocağa ruzi-bərəkət, sevinc və firavanlıq gətirsin!






