İsmayıllıda səyyar qəbullar davam edir
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Vətəndaşların mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti qəbul N. Behdiyev adına 6 saylı tam orta məktəbin binasında keçirilib.
Qəbulda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul şəxsləri, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Qəbulda çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllıda aparılan abadlıq və quruculuq işləri haqqında sakinlərinə məlumat verib.
Qəbul zamanı rayon sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilibdir.
Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.