İsmayıllıda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı rayonunda tədbir keçirilib.
Tədbir çərçivəsində ilk olaraq rayonun təhsil ictimaiyyətinin nümayəndələri – əməkdar müəllimlər, məktəb rəhbərləri və təhsil işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra tədbir rəsmi hissə ilə davam edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər müəllimləri peşə bayramları münasibətilə təbrik edib, təhsilin cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs ediblər. İsmayıllı rayonunda təhsil sahəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan və müəllimlərin bu nailiyyətlərdəki mühüm xidmətlərindən söz açılıb.
Tədbir zamanı şagirdlərin hazırladığı musiqili və bədii kompozisiyalar nümayiş etdirilib. Şagirdlərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda il ərzində təhsil sahəsində fərqlənən, yüksək nəticələr əldə edən müəllim və direktorların mükafatlandırılması mərasimi keçirilib. Uğur qazanan təhsil işçilərinə fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim olunub.
Tədbir müəllim əməyinə verilən yüksək dəyərin, təhsilə göstərilən diqqət və qayğının növbəti nümunəsi kimi yadda qalıb.






