İsmayıllıda 8 Noyabr – Zəfər Günü qeyd olunub
8 Noyabr – Zəfər Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, İsmayıllı RİH əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, idarə və müəssisə rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanına yürüş təşkil olunub. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub, əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Zəfər Günü xalqımızın milli birliyinin, həmrəyliyinin, sarsılmaz iradəsinin və Vətən sevgisinin təntənəsidir. Bu möhtəşəm tarixi Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əbədi örnək olacaqdır.






