İsmayıllıda Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə İsmayıllı rayonunda, Heydər Əliyev Mərkəzində “Memarlıq və şəhərsalma ili” çərçivəsində tədbir təşkil olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, rayon məhkəməsinin əməkdaşı Vilayət Babayev, Rayon Ağsaqqallar Şurasının sədri Balakişi Xuduyev, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Konstitusiya Günü münasibətilə təşkil olunmuş sərgi ilə tanış olublar. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Konstitusiyanın qəbul edilməsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının dövlətçilik tariximizdəki əhəmiyyətindən, ölkəmizdə hüquqi dövlət quruculuğunun, suverenliyin, demokratiyanın və insan hüquq və azadlıqlarının təmin olunmasında oynadığı mühüm roldan bəhs ediblər. Qeyd olunub ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm nailiyyətlərindən biridir.
Sonda vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin və hüquqi dövlətçilik ənənələrimizin əsasını təşkil edir.






