İsmayıllının İvanovka kəndində şəhid Etibar Şirinovun adını daşıyan küçənin açılışı olub
Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şirinov Etibar Fazil oğlunun anım günüdür. Anım günündə şəhidin doğulduğu İvanovka kəndində küçəyə onun adı verilib.
Mərasimdə RİH başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Daha sonra şəhidin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar edilib.
RİH başçısı Nahid Bağırov çıxış edərək bildirib ki, şəhid Etibar Şirinov torpaqlarımızın azadlığı uğrunda son damla qanına kimi vuruşaraq qəhrəmancasına şəhid olub: “Şəhidlər qanları, canları ilə xalqımıza Qələbə sevincini yaşatdılar. Bizlər onlara hər zaman borcluyuq. Şəhidlər hər zaman xalqımızın qəlbində yaşayacaqdır. Azərbaycanda şəhid ailələri Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub”.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Mərasim məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.