Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər mövzusunda sahibkarlıq subyektləri ilə görüş keçirilib
Tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, aidiyyəti dövlət qurumlarının təmsilçiləri, eləcə də fermerlər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
Tədbirin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar və fermerlər ilə dövlət qurumları arasında birbaşa dialoqun qurulması, mövcud imkanlar və dəstək mexanizmləri barədə məlumatlandırmanın aparılması, bu sahədə mövcud çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması istiqamətində təkliflərin müzakirə olunması, eləcə də kənd təsərrüfatının davamlı inkişafı üçün perspektivlərin müəyyən edilməsi olub.
Görüşdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlər üçün mövcud dəstək imkanları barədə məlumat vermişdir. Bildirilmişdir ki, sahibkarlar bizneslərinin qurulması və inkişafı ilə bağlı məsləhət xidmətlərindən yararlana, fəaliyyətlərinin genişləndirilməsi üçün dövlət tərəfindən təqdim olunan güzəştli kreditlərə, subsidiyalara və digər dəstək mexanizmlərinə müraciət edə bilərlər. Eyni zamanda, qeyd olunmuşdur ki, kənd təsərrüfatının inkişafı regionlarda məşğulluğun artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxışında rayonun kənd təsərrüfatı potensialından, mövcud torpaq və iqlim şəraitinin müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmasından bəhs etmiş, fermerlərin və sahibkarların fəaliyyətinin dəstəklənməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.
Daha sonra fermerlər və sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı prosesində üzləşdikləri çətinliklər, o cümlədən suvarma, məhsulların bazara çıxarılması, texnika təminatı və maliyyə resurslarına çıxışla bağlı məsələlər səsləndirilmiş, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülmüşdür.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.






