Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda turizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər mövzusunda sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Görüşdə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin İsmayıllı Regional Bölməsinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dağlıq Şirvan regional koordinatorluğunun, İqtisadiyyat Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional Bölməsinin, İsmayıllı RİH-nin nümayəndələri, eləcə də 20-ə yaxın fərdi sahibkar iştirak edib.
Görüşdə ölkədə turizm sektorunun inkişafı, bu sahədə mövcud imkanlar, qarşılaşılan çətinliklər və gələcək perspektivlər geniş müzakirə edilib.
Tədbirin əsas məqsədi regionlarda turizm potensialının daha səmərəli istifadəsi, yerli sahibkarların fəaliyyətində qarşılaşdıqları maneələrin öyrənilməsi və onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi olub.
KOBİA-nın nümayəndələri çıxış edərək agentliyin turizm sahəsində fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinə göstərdiyi dəstək mexanizmləri, o cümlədən təlimlər, məsləhət xidmətləri, subsidiyalar və investisiya təşviqi tədbirləri barədə məlumat veriblər.
Sahibkarlar isə öz növbəsində fəaliyyət sahələrində qarşılaşdıqları problemləri səsləndirərək, turizm obyektlərinə çıxış imkanlarının artırılması, infrastrukturun təkmilləşdirilməsi və mövsümi asılılığın azaldılması kimi məsələlərə diqqət çəkiblər.
Görüş zamanı iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. KOBİA tərəfindən səsləndirilən təkliflər və problemlər qeydiyyata alınıb və aidiyyəti üzrə müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Bu kimi görüşlərin davamlı olaraq keçirilməsi, dövlət-sahibkar dialoqunun gücləndirilməsi və turizm sahəsində daha dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.






