Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Milad bayramı münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təbriki

07 yanvar 2023 | 11:53

Hörmətli həmvətənlər!

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan ölkəmizdə mütərəqqi milli-tarixi ənənələrin, etnik-mədəni müxtəlifliyin, multikultural dəyərlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Respublikamızda yaşayan bütün xalqların nümayəndələri Azərbaycanı öz vətəni bilir və sevir. Biz bu sevgini 44 günlük Vətən Müharibəsi zamanı hər bir Azərbaycan vətəndaşının, müxtəlif dinlərin nümayəndələrinin göstərdiyi birlik və əzmkarlığında açıq aydın gördük. Bunun da bariz nümunəsi İvanovka kəndində yaşayan xristian icması gənclərinin döyüşlərə könüllü qatılması və orduya dəstək aksiyasının keçirilməsidir. Hər bir vətəndaşın Prezidentimizin ətrafında sıx birləşərək birlik nümayiş etdirməsi nəticəsində şanlı ordumuz tarixi qələbəsini qazandı.

Əziz xristian icmasının nümayəndələri! Sizi və Azərbaycanın bütün xristian icmasını xüsusilə rayonumuzun sakinləri olan xristian icmasının nümayəndələrini Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə səadət və firavanlıq arzulayıram.

Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!

Keçidlər