“Narkotizmlə Mübarizə” İctimai Birliyi "Ağ ölüm”lə mübarizə adlı layihə çərçivəsində İsmayıllı rayonunda tədbir keçirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin icra etdiyi "Ağ ölüm”lə mübarizə adlı layihə çərçivəsində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, İsmayıllı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Muradov İsmayıl, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, ekspert Anar Sarıyev və gənclər iştirak edib.
Tədbiri layihə rəhbəri Kənan Qubadzadə açaraq bildirib ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayılan narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı mübarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Daha sonra isə həyata keçirilən layihənin əsas məqsədinin "Göz yaşı” adlı sosial çarx vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirmək olduğunu qeyd edib.
Narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.