"Qəhrəman Təhsil İşçiləri" adlı kitabın təqdimatı keçirilib
Fevralın 22- də ATİAHİ- nin İsmayıllı komitəsinin təşəbbüsü ilə İsmayıllı şəhər 3 nömrəli məktəb- liseydə “Qəhrəman Təhsil İşçiləri" adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə İsmayıllı RİH- nin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, YAP-ın İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, ATİAHİ- nin İsmayıllı komitəsinin sədri Hafiz Kərimov, 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri, şəhid müəllim Famil Əhmədzadənin ailə üzvləri, müəllim və şagirdlər iştirak edib.
Əvvəlcə məktəbin şəhidlərinin xatirəsini əbədiləşdirən abidənin önünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları məktəbdə şəhid Famil Əhmədzadənin təşəbbüsü ilə yaradılmış muzeyə baxış keçirib, şəhidin xanımının xatirələrini dinləyiblər.
Qeyd edək ki, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşüb, bir nəfər müəllim- Famil Əhmədzadə şəhidlik zirvəsinə yüksəlib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri ilə çay süfrəsi arxasında səmimi söhbətlə davam etdirilib.
Görüşdə müharibədə iştirak etmiş təhsil işçilərinə diqqət, təhsil işçilərinin Qələbənin əldə olunmasında rolu vurğulanıb, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanması baxımından əhəmiyyəti qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Vətən müharibəsi iştirakçısı olan təhsil işçilərinə təşəkkür edib, Böyük Zəfərin qazanılmasında onların danılmaz rolundan qürurla danışıb.
DŞRTİ - nin müdiri Rövşən Əliyev çıxış edərək gənclərin vətənpərvər ruhda yetişməsində məktəblərin, müəllimlərin rolundan danışıb. Yaşanılan şanlı tarixin, qazanılan zəfərin şagirdlərə ətraflı tədrisinin vacibliyinə toxunaraq məktəblərdə qazilərlə mütəmadi görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib.
Daha sonra təhsil işçiləri döyüş xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğı üçün təşəkkürlərini ifadə ediblər.
"Qəhrəman Təhsil İşçiləri" kitabını döyüşçülərə təqdim edərkən YAP sədri Zaur Muradov partiyanın sıralarında olan qəhrəman təhsil işçilərinə, şəhid Famil Əhmədzadənin ailə üzvlərinin hər zaman dövlətimizin diqqətində olduğunu vurğulayıb.
ATİAHİ- nin İsmayıllı komitəsinin sədri Hafiz Kərimov qəhrəman təhsil işçiləri haqda gələcəkdə də belə kitabların yazılmasının vacibliyini bildirib.
Həmçinin tədbirdə “Sabahın alimləri” XII Respublika müsabiqəsinin qalibləri olan İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ramazanov Emil Səbuhi oğlu və həmin məktəbin IX sinif şagirdi Zeynalov Ramazan Mustafa oğluna, eləcədə onların elmi rəhbəri Gülnarə Qurbanovaya "Fəxri Fərman", "Diplom" və hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkilləri çəkilib.