Şriftin ölçüsü :

Saytın rəngi :

Qeyri-islam dini icmalarının nümayəndələri İsmayıllıda molokan icmasını ziyarət ediblər

18 may 2023 | 10:33

16-18 may tarixləri arasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans çərçivəsində qeyri-islam dini icmaların nümayəndələri mədəniyyət müəssisələrini ziyarət ediblər.

Tədbir iştirakçıları əvvəlcə 200 ildən çox İsmayıllı rayonunun İvanovka kəndində kompakt şəkildə yaşayan molokan icmasının qonağı olublar. Görüş zamanı İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının üzvləri mədəniyyət və adətlərini, folklorlarını nümayiş etdiriblər, Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər kəsin dini etiqad azadlığı təmin olunur. Çıxış edənlər Azərbaycanda mövcud dini mühit, eləcə də zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndiriblər.

İştirakçılar xalqımızın Ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərimizin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablarla tanış olublar.

Daha sonra İsmayıllı rayon Tarix Diyarşünaslıq muzeyi, “Azərxalça” ASC-nin İsmayıllı filialı və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ziyarət olunub.

Qeyd edək ki, görüş və ziyarətlərdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostal Prefekturası”, “Azərbaycan Bibliya Cəmiyyəti”, Bakı şəhəri “Molokan ruhani-xristian”, Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Yevangelist Xristian Baptistlərinin kilsəsi”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Həyatverici lütf”, “Alov”, “Vineyard”, “Krişna Şüuru”, “Bəhai”, “Yeni apostol”, “Şərqdə ulduz” və s. dini qurumların üzvləri iştirak ediblər.

Keçidlər