“Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
İsmayıllı rayonu Ə.Babayev adına Quşencə kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə təhsil sektorunun əməkdaşı Mayıl Səftərov, məktəbin direktoru Vüsal Həmidov, eyni zamanda müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər mövzunun aktuallığından bəhs edib, qızların təhsildən yayındırılması hallarının səbəb olduğu problemlərə toxunublar. Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri izah edilib.
Qeyd olunub ki, son illər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün münasib şərait yaradılıb. Qızların cinsi ayrı-seçkilik edilmədən təhsil almaları üçün lazım olan bütün addımlar atılıb. Lakin bu görülən işlərə baxmayaraq, kütləvi olmasa da, bəzi bölgələrdə erkən nikahlar və bunun kimi müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. Eyni zamanda bu cür halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.