Qoydan kəndində əhalinin köçürülməsi işləri davam edir
İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sakinlərin köçürülməsi işləri mərhələli şəkildə davam edir.
Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.
Hal-hazırda Qoydan kəndindən 6 ev, 9 ailə 17 nəfər köçürülüb. Onlardan bəziləri kirayə evlərdə, bəziləri isə öz qohumlarının evlərində yerləşdirilib.
Məlumat üçün bildirək ki, əhalinin köçürülmə işləri bu gün də davam etdiriləcək.