Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırovun 28 May-Müstəqillik Günü münasibətilə təbriki
Hörmətli ismayıllılar!
Sizi, 28 May-Müstəqillik Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş və səmimi arzularımı çatdırıram.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən qurulmuş müasir Azərbaycanda dövlətçilik özünün yüksək zirvəsinə çatıb. Bu gün ölkəmiz Heydər Əliyev ideyalarının siyasi varisi, müasir Azərbaycanın uzaqgörən lideri, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, iqtisadi, hərbi, siyasi, mənəvi gücünü günbəgün artırır, xalqımız xoşbəxt gələcəyə doğru irəliləyir.
30 ildən sonra işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qüdrətli ordumuzun gücü nəticəsində azad edildi. İndi biz bu günlərin sevincini yaşayırıq. Müstəqillik tariximizə çevrilmiş bayram günündə bizə bu sevinci bəxş edən şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Əziz ismayıllılar, 28 May-Müstəqillik günü münasibətilə bir daha hər birinizi təbrik edir, torpaqlarımızın bütövlüyünü və xoşbəxt günlərin sevincini birlikdə yaşamaqla möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyi arzulayıram. Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!
Müstəqillik günümüz mübarək!