Rayonda valdeyn konfransı keçirilib
İsmayıllı rayon təhsil sektorunun təşkilatçılığı ilə “Müasir dövrdə təlim və tərbiyə: ailə, məktəb və cəmiyyətin birgə məsuliyyəti” mövzusunda valideyn konfransı keçirilib.
İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin akt zalında keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Elm və Təhsil İşçiləri İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər müasir dövrdə təlim və tərbiyənin qarşısında duran vəzifələr, ailə və məktəb arasında əməkdaşlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, rəqəmsal texnologiyalardan düzgün istifadə, şagirdlərin təhlükəsizliyi, təhsil nailiyyətlərinin yüksəldilməsi və valideyn məsuliyyəti kimi mühüm məsələlərə toxunublar.
Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, övladlarımızın savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı və cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişməsi yalnız məktəbin deyil, ailənin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir.
Konfransın sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təklif və müraciətlər ətrafında fikir mübadiləsi aparılıb.
Unutmayaq ki, uşaqlarımızın gələcəyini birlikdə qururuq. Güclü ailə, məsuliyyətli məktəb və sağlam cəmiyyət – keyfiyyətli təhsilin və layiqli gələcəyin əsas təminatıdır.






