Şəhid Cəmil Məmmədlinin ad günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub
İsmayıllıda 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Cəmil Məmmədlinin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş şəhid bulağının açılışı olub.
Mərasim iştirakçıları əvvəlcə İsmayıllı Şəhidlər xiyabanını ziyarət edib, şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.
Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Millət vəkili Novruzəli Aslanov, RİH-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, həmçinin Bakı şəhər YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev , Səbail rayonundan olan şəhid ailələri iştirak edib.
Mərasimdə RİH başçısı Nahid Bağırov, Bakı şəhər YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİH başçısının müavini Sevil Əhmədova və şəhid ailələri çıxış edərək Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş oğlullarımızın eləcə də, Cəmil Məmmədlinin döyüş şücaətindən, düşmən üzərində qazanılan qələbədən, Azərbaycan Ordusunun gücündən, qüdrətindən danışıblar. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, bulağın inşasında əməyi keçən şəxslərə təşəkkür ediblər.