Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin xatirəsi yad edilib
Bu gün şəhidimiz polkovnik-leytenant Ruslan Tağıyevin şəhidlik zirvəsinə ucalmasından iki il ötür. Anım günündə şəhidin Bakı şəhərində İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub.
Ziyarətçilər arasında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, Millət vəkilləri, Müdafiə Nazirliyinin zabit heyəti, şəhid ailələri, şəhidin yaxınları olub.
Əvvəlcə ərazilərimizin bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, şəhid Ruslanın məzarı önünə əklil və gül dəstələri düzülüb. Daha sonra hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Anım mərasimində iştirak edənlər Ruslan Tağıyevin simasında Azərbyacan xalqına zəfər bəxş edən qəhrəman oğulları yad edib, onların keçdiyi döyüş yoluna bir daha nəzər salıblar. Qeyd olunub ki, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin keçdiyi döyüş yolu yetişməkdə olan gənc nəsil üçün qəhrəmanlıq məktəbidir. Bu gün şəhidin özündən sonra qalan övladları bu vətənə əmanətdir. Çıxışlarda qeyd olunub ki, bütün şəhidlərə hərtərəfli dəstək göstərilir və bundan sonra da göstəriləcək. Bu sahədə ölkə rəhbərliyinin müvafiq tapşırıq və göstərişlərinin ardıcıl şəkildə icra olunduğu diqqətə çatdırılıb.
Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüb, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildiriblər.
Anım mərasimi şəhidin övladlarının və məktəblilərin ifasında vətənpərvərlik şeirləri ilə davam edib.
Məlumat üçün bildirək ki, Tağıyev Ruslan Fuad oğlu 2020-ci il noyabrın 4-də Vətən müharibəsində Laçın istiqamətindəki döyüşlərdə şəhid olub.
Şəhid polkovnik-leytenant Ruslan Tağıyev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!