“Şuşa İli” çərçivəsində “Mədəniyyətimizin beşiyi-Şuşa” adlı tədbir keçirilib
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyətimizin beşiyi-Şuşa” adlı tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Şəhidin yuxusu” adlı filmə baxılıb. Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bildirilib ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tərkibində fəaliyyət göstərən Xalq teatrı kollektivinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Səməd Vurğunun “Vaqif” dramından ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti, Sənət akademiyasının rəhbəri Aybəniz Haşımova və tələbələrinin ifasında hərbi-vətənpərvərlik mahnılarından ibarət konsert proqramı ilə davam edib.