Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qəyyumluğa və himayəyə verilmiş uşaqlarla bağlı monitorinq aparılıb
Monitorinqin əsas məqsədi uşaqların hüquqlarının qorunması və sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların təhsil, sağlamlıq və psixoloji vəziyyətini öyrənmək, gündəlik qayğı ilə təmin olunması meyarlarını qiymətləndirməkdən ibarətdir.
Monitorinq çərçivəsində qəyyumların öhdəlikləri icra etmə səviyyəsi, uşaqlara göstərilən diqqət və qayğı, onların inkişafına yaradılan şərait, dövlət tərəfindən ayrılmış müavinət və sosial xidmətlərin təyinatı üzrə istifadə olunması da yoxlanılmışdır.
Aparılan monitorinqin nəticələrinə əsasən, uşaqların rifah halının yaxşılaşdırılması, onların inkişaf ehtiyaclarının daha dolğun ödənilməsi və xidmətlərin səmərəliliyinin artırılması məqsədilə müəyyən təkliflər irəli sürülmüşdür.
Monitorinq zamanı, həmçinin, münaqişə qurbanı olmuş və Azərbaycan vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası məsələsinə də xüsusi diqqət yetirilib. Bu istiqamətdə uşaqların psixoloji dəstək alması, sosial bacarıqlarının bərpası, təhsilə uyğun şəkildə inteqrasiya olunması və ailə mühitinə alışmasına diqqət yetirilərək aidiyyəti qurumlar tərəfindən həmin uşaqlara göstərilən reabilitasiya və sosial xidmətlər barədə komissiya üzvləri ailələrlə söhbət aparmışdır.
Qeyd edək ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcəkdir.






