Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim olunub
İsmayıllıda ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərmiş və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Vətən müharibəsi iştirakçısı” medalının təqdimetmə mərasimi keçirilib.
RİH-də təşkil olunan görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Əfran Nəbiyev, RİH-nin əməkdaşları, qazilər, Qarabağ müharibəsi veteranları iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tədbirdə çıxış edərək, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O,Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Rayon rəhbəri Vətən üçün sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. O, torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib.
Sonra “Vətən müharibəsi iştirakçısı” medalı veteranlara təqdim olunub.
Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.