Xocalı faciəsinin 31-ci ildönümü ərəfəsində Xocalıdan olan ailələrlə görüş keçirilib
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi İsmayıllı rayonunda da geniş şəkildə qeyd olunur. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilib.
Görüş RİH-nin əməkdaşları və Xocalıdan olan məcburi köçkünlərin iştirakı ilə baş tutub.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırım olduğu diqqətə çatdırılıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğu vurğulanıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğu, ərazi bütövlüyümüzü bərpa etdiyi bir daha diqqətə çatdırılıb.
Daha sonra Xocalıdan olan məcburi köçkünlər çıxış edib, o dəhşətli gecə ilə bağlı acı xatirələrini bölüşüblər. İsmayıllının müxtəlif kəndlərində məskunlaşmış Xocalı sakinləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarına qayıdacaqları günü ümüdlə gözlədiklərini bildiriblər. Xocalı məskunları həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, İsmayıllı rayonunun icra başçısına dərin təşəkkürünü bildiriblər.
Qeyd edək ki, hazırda İsmayıllıda 14 ailəni təmsil edən 40 nəfər Xocalı sakini məskunlaşıb.