Rayon haqqında
İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.01.2021-ci il tarixə 87867 nəfərdir.
Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.
“Yeni İsmayıllı” adlı rayon qəzeti 1934-cü ildən nəşr olunmağa başlamışdır. 1965-ci ildən “Zəhmətkeş”, 1966-cı ildən “Cavanşir yurdu”, 2003-cü ildən 2013-cü ilə qədər “Girdiman” adı ilə nəşr olunmuşdur. 24 yanvar 2008-ci il tarixdən rayonda "İsmayıllı xəbərləri" qəzeti nəşr olunur.
1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 07 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir.
İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur.
Rayon ərazisində 2 şərab zavodu, bir kərpic zavodu, 2 asfalt zavodu, bir beton zavodu, 21 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 26 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 rəsm Qalereyası, 1 Turizm İnformasiya Mərkəzi, 1 Peşə Tədris Mərkəzi və ismayıllı Dövlət Humanitar və Texnalogiya Kolleci mövcuddur.
Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 874 ailə (3475nəfər) müvəqqəti məskunlaşmışdır.
Rayonda 4 QHT, 15 dini icma, 8 ictimai təşkilat və birlik fəaliyyət göstərir. Ərazidə 133 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 140 şəhid ailəsi, 21 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 12 nəfər əməkdar müəllim, 11 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır.
İsmayıllı rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamları əsasında qurur.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının yanında 26 noyabr 1993-cü ildə kabinet yaradılmışdır. 1999-cu ildə Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyəti yanında Şura iclasları “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnaməyə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. Şura iclaslarında müntəzəm olaraq rayonun sosial-iqtisadi həyatına, təhsilə, mədəniyyət və turizmə, gəncliyə, idmana, tikinti-quruculuq işlərinə, hərbi vətənpərvərlik tərbiyəsinə, enerji resurslarından istifadə vəziyyətinə, ideoloji və siyasi işlərin təşkilinə, kütləvi informasiya vasitələrindən istifadəyə aid məsələlər müzakirə olunur, qərarlar verilir. Zəruri hallarda qəbul olunan qərarların icrası ilə bağlı RİH başçısı sərəncam imzalayır.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibi 14 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, onun birinci və digər 2 müavini, RİH-nin şöbə müdirləri, Polis şöbəsinin rəisi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, YAP rayon Təşkilatının sədri, İsmayıllı rayon Təhsil şöbəsinin müdiri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və İsmayıllı rayon Texniki Peşə Məktəbinin direktoru şuranın tərkibindədir.
Şura işini RİH başçısı tərəfindən təsdiq olunmuş plan əsasında qurur.
İsmayıllı rayon ərazisində 2 Seçki Dairəsi-86 saylı İsmayıllı və 87 saylı Ağsu-İsmayıllı Seçki Dairələri üzrə 75 məntəqə seçki komissiyası fəaliyyət göstərir. “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq seçkilərə hazırlıq dövründə təbliğat və təşviqat işlərinin təşkili məqsədilə rayon ərazisində fəaliyyət göstərən seçki dairələrinin hüdudları daxilində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlərin, habelə təşviqat aparılması üçün yerlərin siyahısı müəyyənləşdirilmiş, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuşdur.