Basqal qəsəbəsi
Sehrlidir bu Basqalın behişt gözlü hər guşəsi…
Əsrarəngiz təbiəti, qədim tarix və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindəndir. Basqal Azərbaycanda mövcud olan o yaşayış məntəqələrindəndir ki, orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə qoruyub saxlamışdır. Basqal vahid memarlıq prinsipləri əsasında salınmışdır. Bu prinsipə əsas memarlıq -plan quruluşuna daxil olan baş küçə özündə hər birinin özünəməxsus tarixi və xüsusiyyətləri olan neçə-neçə ictimai, dini, mədəni-məişət, sənətkarlıq, ticarət və yaşayış binalarını, məhəllə, kürəbənd, bulaq və s.birləşdirirdi.
2500-3000 illik tarixi olan qəsəbənin adı Basqal toponimi çox mənalı sözdür.Təmiz türk sözü olduğu və “qala qur”,”qala ucalt”,”baş qala” mənasını ifadə edir.Bu ulu ad qədim türkdilli Basil tayfa birləşməsinin də ünvanını yada salır. Basillər hələ 2500 il əvvəl Cənubi Azərbaycanda çox geniş ərazidə yayılmışdılar. Qədim yunan tarixçisi Herodot “Tarix” kitabında onları “buslar” adlandırmışdı. Təbrizlilərlə basqallıların danışıqlarının-ləhcələrinin bir-birinə çox oxşarlığı var.
Basqalı məşhurlaşdıran onun əsrlər boyu Şirvanın, bütövlükdə Azərbaycanın çox mühüm ipək məmulatı istehsalı mərkəzlərindən biri olmasıdır. XII-XIII yüzilliklərdə Şirvan şəhərləri, xüsusilə də Şamaxı özünün və ətraf yaşayış məntəqələrində istehsal olunan ipək məmulatları ilə şöhrət qazanmışdır. Müxtəlif çeşidli kəlağayılar, qanovuz, kişmir, tafta, darayı, mov, cecim, yorğanüzü və s. parçalar xarici bazarlarda və beynəlxalq sərgilərdə nümayiş etdirilib və yüksək qiymətləndirilib. Kəlağayı istehsalı xüsusilə fərqlənib. Təbriz, Gəncə, Şamaxı, Şəki, Ordubad kimi şəhərlərlə yanaşı Basqalda da yüksək keyfiyyətli kəlağayılar toxunub. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə ixrac olunub.
1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: “...Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parşaları toxunur: belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən”. Bu təsvir Şirvana aiddir. Şirvanda isə ipək və zərxara istehsalı mərkəzi məhz Basqal olub. Basqaldan olan ustalar, tacirlər və iş adamları Azərbaycan, Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində ipəkçiliyin inkişaf etdirilməsinin təşəbbüsçüləri və icraçıları olmuşlar.
XVII,XVIII və XIX əsrlərdə ümumdünya bazarlarında Basqal kəlağayıları öz dəyərini və nüfuzunu layiqincə nümayiş etdirirdi. Basqal ustalarının istehsal etdikləri ipək məhsulları Azərbaycan sərhədlərini aşaraq, Hindistan, Orta Asiya, Rusiya, İngiltərə, Fransa və digər ölkələrə qədər gedib çıxmışdır. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya sərgisində iştirak etmişdir. Həmin sərgidə Basqaldan olan toxucu Nəsir Abduləziz oğlunun nümayiş etdirdiyi nəfis və zərif kəlağayı və qanovuz parçaya görə gümüş medal və diplomla mükafatlandırılmışdır.
Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa və zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı. ”Heyratı”, ”Hələbi”, ”Gülvəngi”, ””Saçaqlı”, “Sumağı”, ” Ağzəmin”, Bağdadı” və sair adlı əlvan kəlağayılar əsas yer tuturdu. Hal-hazırda bu sıraya ”Basqalı” və “”Yeddi rəng” adlı kəlağayılar da əlavə edilib. Basqalda hazırlanan kəlağayıların naxışlanmasında müxtəlif qəliblərdən istifadə olunurdu. Həmin qədim qəliblər bu gün də qalmaqdadır.
Azərbaycan mədəniyyəti növlərindən olan ”Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına daxil edilmişdir.
Hal-hazırda Basqal qəsəbəsində yaşayan və qeydiyyatda olan əhalinin sayı 1556 nəfərdir. Qəsəbə əhalisi az da olsa sənətkarlıq, ticarət, qismən də heyvandarlıqla məşğul olur.
Son illərdə Basqalda dövlət vəsaiti hesabına bir sıra işlər görülmüşdür. 2015-ci ildə qəsəbə təbii qazla təmin olunmuş, enerji təchizatı yenidən qurulmuş, Basqalçayın üzərində yeni körpü tikilib istifadəyə verilmişdir. Qəsəbə tam orta məktəbində təmir işləri aparılmış, idman zalı təmir olunmuş, isitmə sistemi yenidən qurulmuşdur. Qədim küçələr çay daşı ilə döşənmiş, bulaqlar bərpa olunmuş, su kəmərlərində təmir-bərpa işləri aparılmışdır.
Basqal qəsəbəsi Tarix-mədəniyyət qoruğudur. Bir sıra tikililər yerli əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatından keçmişdir. Həmin abidələr dövlət tərəfindən qorunur.
Basqal qəsəbə tam orta məktəbi Azərbaycanın yeni tipli məktəblərindən biri olmaqla ən qədimlərindəndir. Bu məktəb 1887- ci ildə yaradılmışdır. Azərbaycan tarixində xüsusi yer tutan yüzlərlə dövlət, ictimai, ədəbiyyat, elm, mədəniyyət, incəsənət,hərb, tibb xadimləri bu məktəbin yetirmələridir. Akademik Tofiq İsmayılov, Akademiyanın müxbir üzvləri Maqsud və Mais Cavadovlar, Böyük Vətən Müharibəsi Qəhrəmanı Kamal Qasımov, Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, Azərbaycanın ilk əməkdar müəllimlərindən olan Ağarəzi Qasımxanlı, Dövlət və elm xadimi Kazım İsmayılov, Tibb elmləri doktoru, professor Mehdibəy Səfərəlibəyov, Əməkdar neftçi Ağasəf Bağırov, Fəlsəfə elmləri namizədi Mustafa Güliyev, İtaliyanın Milli Qəhrəmanı Məmməd Bağırov, şair Davud Aslan, Millət vəkili Novruz Aslanov və yüzlərlə başqaları Basqala şöhrət gətirən övladlarıdır.
Basqal Azərbaycanın qədim tarixi məkanlarındandır.Bu yurdun inkişafı daima dövlətin diqqətindədir. Basqalı qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcu olmalıdır.