Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənddə şəhidin xatirəsi anılıb

06 mart 2019 | 16:00

Şəhidlik ən uca məqamdır. Bu məqama yetmək üçün ürəyində vətən sevgisi, doğma yurduna, el-obana məhəbbət, düşmənə qarşı sonsuz nifrət hissi olmalıdır.
İsmayıllı rayonunun Təzəkənd kəndində dünyaya göz açan Mirzəağa Kamal oğlu Əzimov da belə yurddaşlarımızdan olub. Qəlbində vətən eşqi gəzdirən eloğlumuz 1994-cü ilin mart ayında erməni daşnaklarına qarşı qanlı döyüşlərdən birində, Füzuli rayonun müdafiəsi zamanı qəhrəmancasına həlak olub.
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş, 1985-1987-ci illərdə SSRİ silahlı qüvvələrində, 1993-cü ildən Qarabağ uğrunda gedən qanlı döyüşlərdə iştirak edən, şəhidlik zirvəsinə ucalan Mirzəağa Əzimov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Təhsil aldığı Təzəkənd kənd tam orta məktəbi onun adını daşıyır.
Martın 7-də Təzəkənd kənd tam orta məktəbində şəhid Mirzəağa Əzimovun anım günü keçirilib. Əvvəlcə şəhidin qəbri ziyarət olunub, qısa mitinq təşkil olunub, məzarı üstünə tər çiçəklər düzülüb. Məktəbdə şəhidin həyatını, döyüş yolunu əks etdirən xatirə guşəsi yaradılıb, məktəb həyətində büstü qoyulub.
İclas zalında davam edən tədbiri məktəbin direktoru Elxan Bədəlov açıb, qəhrəmanın döyüş yolu haqqında məlumat verib.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov, RTŞ-nin əməkdaşı Şahin Gənciyev, Qarabağ döyüşçüsü, “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Eynulla Bağırov torpaqlarımızın azadlığı uğrunda həlak olan igidlərimizin qəhrəmanlığı barədə danışıblar. İşğal olunmuş torpaqlarımızın Ali Baş Komandanının rəhbərliyi altında azad olunacağı günün uzaqda olmadığını, güclü Azərbaycan Ordusunun formalaşdığını diqqətə çatdırıblar.
Şagirdlərin ifasında şeirlər, vətənpərvərlik mahnıları səsləndirilib.
Vaxtilə Mirzəağa Əzimova dərs deyən müəllim Lümunə Qasımova onun haqqında xatirələrini danışıb.
Ailə üzvləri adından çıxış edən şəhidin qardaşı Bəyanat Əzimov ölkə Prezidentinə, tədbirin təşkilinə və iştiraka görə rayon rəhbərliyinə, məktəb pedaqoji kollektivinə, şagirdlərə öz minnətdarlığını bildirib. Qardaşının şəhidlik zirvəsinə ucaldığını, həmişə qəlblərdə yaşayacağını vurğulayıb.

Keçidlər