Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Azərbaycan Silahlı Qüvvələr günü qeyd olunub

25 iyun 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin konfrans zalında ehtiyatda və istefada olan zabitlərin, Qarabağ müharibəsi veteranlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşlarının, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Silahlı Qüvvələr günü qeyd edilib.
Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib ki, Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir ay sonra silahlı Qüvvələr yaradılmış, Azərbaycan işğaldan, xarici müdaxilələrdən, düşmən qüvvələrdən müdafiə olunmağa başlanmışdı. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra  70 illik bir müddətdə milli ordu, milli silahlı qüvvələr unuduldu, düşüncələrdən silindi. Yenidən tarixi düşmənlərimiz olan ermənilər işğal xülyasına düşdüyü bir zamanda da ordusuz idik. Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən ölkəyə rəhbər gəldikdən sonra ordu quruculuğuna başlandı. İndi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu NATO standartları, işğalçıya layiqli cavab vermək səviyyəsindədir. Azərbaycan təkmil, güclü, ən müasir silahlarla  arsenalını zənginləşdirmiş orduya malikdir.
Tədbirdə daha sonra rayon veteranlar şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev, SHXÇDX rayon şöbəsinin rəisi polkovnik-leytenant Xamis Bədəlov, rayon məhkəməsinin sədri Rafael Şirinov, ehtiyatda olan yüksək rütbəli zabitlər Əlişir Süleymanov, Hümbət Bəndiyev, İlham Abbasov, veteran jurnalist Lətifə Əliyeva və başqaları çıxış edib, rəşadətli ordumuzun şəxsi heyətini, ehtiyatda olan zabitləri təbrik ediblər.
Bir qrup hərbi vətənpərvərlik təbliğatçısına və hərbi iş fəalına rayon icra hakimiyyətinin təşəkkürnamələri və pul mükafatları verilib. Mükafatları rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təqdim edib, hərbi işin, hərbi vətənpərvərlik tərbiyəsinin təşkilində iştirakçılara uğurlar arzulayıb.
Qarabağ müharibəsi əlilləri və veteranları arasında keçirilən güllə atıçılığı yarışında  I - II və III yerləri tutan Oqtay Əliyevə, Əlişir Məcidova və  Kamil Dadaşova  gənclər və idman idarəsinin hədiyyə, diplom və medallarını idarənin rəisi Taleh Salehov təqdim edib.
RIH-nin başçısı sonda qeyd edib ki, ordumuz torpaqlarımızı işğaldan azad etmək qüdrətindədir. Hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanı əmrinə hazırdır. İşğalçı bu həqiqəti nə qədər tez başa düşsə, bir o qədər xeyrinə olar. Bununla da tədbir sona yetib.

Keçidlər