Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin çağrışaqədərki hazırlıq rəhbərləri ilə seminar-müşavirə keçirilib.

03 oktyabr 2019 | 16:00

Beynəlxalq “Müəllimlər günü” ərəfəsində Rayon İcra Hakimiyyəti,Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə seminar-müşavirə keçirilib.
   Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Rayon Gənclər İdman İdarəsinin, SHXÇDX İsmayıllı rayon şöbəsi əməkdaşlarının və çağrışaqədərki hazırlıq rəhbərlərinin iştirak etdiyi tədbiri Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov açıb. Qeyd edib ki, Gənclərin çağrışaqədərki hazırlıq rəhbərləri ilə Dövlət Xidməti rayon şöbəsinin şəxsi heyətinin tez-tez görüşləri  keçirilir. Seminarlar,metodiki məşğələlər,dövlət bayramlarının qeyd olunması bu görüşlərin məzmununu təşkil edir. Bu günkü seminar-müşavirəmiz də “Müəllimlər günü” ərəfəsində keçirilir.Məqsəd hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərə diqqət yetirmək və ən fəal çağrışaqədərki hazırlıq rəhbərlərini təltif etməkdən ibarətdir.
   RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov çıxış edərək Gənclərin çağrışaqədərki hazırlıq rəhbərlərini Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik edib.O, Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətdən, hərbi vətənpərvərlik tərbiyəsi sahəsində müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb. Qeyd edib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu olmaqla, dünyanın 50 ən güclü ordusu sırasındadır. Çıxışçı ölkə rəhbərinin sosial sahədə apardığı uğurlu islahatlar və əhalinin güzəranının yüksəldilməsinə xidmət edən sosial paketlər barədə də seminar iştirakçılarına məlumat verib.
   RTŞ müdirinin müavini Rahim Baxışov,Sumağallı və Diyallı kənd tam orta məktəbinin hərbi- hazırlıq rəhbərləri Rza Salahov və Altay Pənahov çıxış edərək qeyd ediblər ki, müharibə vəziyyətində olan bir ölkənin güclü, müasir döyüş silahlarından baş çıxaran hərbi kadrlara ciddi ehtiyacı vardır. Odur ki, məktəblərdə hərbi dərslərin tədrisinə xüsusi diqqət yetirilməli, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində həyata keçirilən tədbirlər daha məzmunlu təşkil edilməlidir.Ordumuz və yurdumuz üçün layiqli hərbçilər, əsil vətəndaşlar yetişdirməliyik.
   Tədbirin sonunda Lahıc qəsəbə tam orta məktəbinin müəllimi İmran Nəcəfov, şəhər 5 saylı tam orta məktəbinin müəllimi Elşən Məmmədov, Talıstan kənd tam orta məktəbinin müəllimi Elşad Kazımov, Hacıhətəmli kənd tam orta məktəbinin müəllimi Vüqar Səlimov SHXÇDX İsmayıllı rayon şöbəsinin fəxri fərmanları ilə təltif olunublar.

Keçidlər